“Azərbaycan Sənaye Korporasiyası” ASC və törəmə müəssisələrin əməkdaşları sertifikatla təltif olunub

    Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir, müasir çağırışlara cavab verən dəstək mexanizmləri tətbiq olunur.

   Dövlət təşkilatları tərəfindən malların satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması məqsədi ilə elektron dövlət satınalmaları sisteminin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.  Yeni portal satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

  "Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq ölkədə yeni elektron satınalma modelinə keçidi, dövlət satınalmalarının effektiv planlaşdırılmasını və icrasını nəzərdə tutan vahid internet portalından peşəkar və dəqiq istifadə olunması məqsədi ilə  “PRO LOG Training Center” təlim mərkəzində təlimlər təşkil olunub.    

   “Azərbaycan Sənaye Korporasiyası” ASC, o cümlədən törəmə müəssisələrin əməkdaşları da bu təlimlərdə iştirak edib. Korporasiyanın Strateji inkişaf və kommersiya departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Fərid Mahmudov, “Azəralüminium” MMC-nin Satınalma departamentinin mütəxəssisi Həsən Həsənov, istehsalat şöbəsinin əsas operatoru Tuqay Həmidli,  “Azərpambıq ASK” MMC-nin Satınalma və təchizat şöbəsinin müdiri  İlqar Musəvi,  təchizat üzrə aparıcı mütəxəssisi  Elçin Hüseynov, təchizat üzrə mütəxəssisi Sona Əliyeva,  “Azərtütün ASK” MMC-nin Korporativ xidmətlər şöbəsinin satınalma üzrə baş mütəxəssisi Toğrul Cavadov, “ASK Şüşə” MMC-nin Satınalma və satış şöbəsinin aparıcı mütəxəssisi Mövlud Aydəmir sonda mərkəzin təqdim etdiyi sertifikatla təltif olunublar.

    Təlimlərdə yeni portal vasitəsi ilə tender komissiyasının iclaslarının virtual təşkili, satınalmaların nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın bir bank günü ərzində qəbulu, dövlət vəsaitinin istifadəsi zamanı şəffaflığın daha da artmasının təmin olunması kimi mövzular əhatə olunub. 

Fotolent