“Azərtütün ASK”ın emal məntəqələrində builki mövsümdə 2,3 min tondan çox quru tütün istehsal olunub

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi başa çatıb. Mövsüm ərzində MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 773 ton 495 kiloqram yaşıl tütün kütləsi daxil olub. Cari təsərrüfat ilində emal məntəqələrində ümumilikdə 2308 ton 656 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, mövsüm ərzində bu rayonlardakı emal məntəqələrində ümumilikdə 262 tütünqurutma kamerası fəaliyyətdə olub. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxt aparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Şöbə müdirinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bu rayonlardakı tütün istehsalı və emalı məntəqələri mövsüm ərzində Şəki rayonu üzrə istehsalçılardan 5015 ton 590 kiloqram, Zaqatala rayonu üzrə 3677 ton 290 kiloqram, Qax rayonu üzrə 3067 ton 425, Balakən rayonu üzrə isə 3013 ton 190 kiloqram yaşıl tütün kütləsi qəbul edib.

M.Mustafayev qeyd edib ki, builki mövsümdə emal məntəqəsinə Qax rayonundan olan fermer Telman Şahmalıyev bölgə üzrə hamıdan çox yaşıl tütün kütləsi təhvil verib – 352,4 ton. Balakəndən İmran Cumayev mövsüm ərzində məntəqəyə 308,8 ton, Zaqatala rayonundan Vüqar Süleymanlı 207,8 ton, Şəkidən Mayıl Məmmədov isə 206,3 ton yaş tütün gətirib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər