Azərbaycan ilə Rusiyanın sənaye və energetika sahəsində ikitərəfli əməkdaşlığının perspektivləri müzakirə edilib.

Azərbaycan ilə Rusiyanın sənaye və energetika sahəsində ikitərəfli əməkdaşlığının perspektivləri müzakirə edilib.

Müzakirələr sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunan “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi masa”da aparılıb. "Dəyirmi masa"da Azərbaycan və Rusiya tərəfindən dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın sənaye potensialı, uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, bu sahədə Rusiya ilə birgə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə məlumat verib. Nazir qeyd edib ki, Rusiya ilə birgə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer”, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsi layihələri həyata keçirilir, Gəncə Avtomobil Zavodu Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlıq edir, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr reallaşdırılır. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə çıxışında sənaye sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, bu sahədə əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkələrimizin sənaye potensialından və bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıqdan danışıb. Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan-Rusiya enerji əməkdaşlığından, əlaqələrin genişləndirilməsi potensialından bəhs edib. O, Azərbaycan və Rusiya arasında birgə yeni elektrik ötürücü xətləri tikintisinin mümkünlüyünü bildirib. Nazir müavini Azərbaycan-Rusiya enerji əməkdaşlığı üzrə İşçi Qrupunun iclasının oktyabrın 5-6-da Moskvada keçiriləcəyini deyib. Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə sənaye sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışıb. O, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.“Dəyirmi masa”da müxtəlif dövlət qurumlarının və şirkətlərin nümayəndələri birgə əməkdaşlıq məsələlərini müzakirə edib, təqdimatlar keçiriblər.

Yeni Xəbərlər