“Azərtütün ASK” MMC-nin Balakən Tütün İstehsalı və Emalı Məntəqəsi

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər aqrar sektorun bu sahəsində də mühüm nəticələrin əldə olunmasına təkan verib.

Tütünçülük sahəsində Şəki-Zaqatala iqtisadi rayonu xüsusi çəkiyə malikdir. Belə ki, tütün əkilən ərazilərin  92.7%-i  bu iqtisadi rayonun payına düşür. 2018-ci ildə bu iqtisadi rayon üzrə 3000 ha-dan artıq ərazidə tütün əkinləri aparılıb.  Şəki-Zaqatala iqtisadi rayonu üzrə tütün istehsalının həyata keçirildiyi rayonlardan biri də Balakən rayonudur ki, son illərdə bu rayonda tütünçülüyün dinamik inkişafına nail olunub. 2018-ci ildə Balakən rayonu üzrə ümumilikdə 535 ha ərazidə “Virciniya” növlü tütün əkilib ki, bu da rayonda tütün emalı ilə bağlı müvafiq infrastrukturun yaradılmasına zərurət yaradıb.

Tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı prosseslərinə dəstək göstərilməsi məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən 2018-ci ildə Balakən rayonu ərazisində qısa müddətdə müasir üslubda Balakən Tütün İstehsalı və Emalı kompleksi yaradılıb və 15 iyul 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Müəssisə 19 nəfər daimi, 87 nəfər mövsümi işçi heyəti ilə təmin edilib. İki hektar ərazini əhatə edən obyektdə  İtaliyanın “GOME” şirkətinin istehsalı olan, müasir tələblərə cavab verən 60 ədəd tütünqurutma kamerası quraşdırılıb. Odla qurutma kameralarının ön hissəsində 6 ədəd altıaçıqlar tikilib. Quru tütün və digər məhsulların saxlanılması üçün nəzərdə tutulmuş anbar binasının uzunluğu 65 metr, eni 20 metrdir və 250 ton (2000 ədəd tütün kipi yerləşir) tütün saxlama imkanına malikdir. Anbarın ərazisində uzunluğu 20 metr, eni 10 metr olan tütün çeşidləmə zolağı mövcuddur. Məntəqə odla qurutma kameralarının vahid idarəetmə sistemi, 24 saat ərizində müşahidəni həyata keçirən və mərkəzləşmiş sistemdən idarə olunan 18 ədəd müşahidə kamerası ilə təhciz olunub.

Bir kamera 7-8 ton yaş tütün emal etmək gücünə malik olmaqla bir tədarük mövsümündə 12 dövr istifadə edilə bilər və 60 ədəd odla qurutma kamerasının gündəlik yaş tütünün emal  potensialı  48-50 tondur.  Beləliklə bir kamerada 168 saat (yeddi gün) müddətində yaş tütün qurudulur. Məntəqədə  bir mövsümdə yaş tütünün emal gücü  5700-6000 tondur.

2018-ci il mövsümü ərzində məntəqədə  2823 ton yaş tütün qəbul edilib  və odla qurutma kameralarında emal edilərək 392 ton quru tütün məhsulu əldə olunub.

2019-cu ildə Balakən rayonu üzrə “Azərtütün ASK” MMC ilə 43 fermer arasında bağlanmış tədarük müqavilələrinə əsasən 319 ha ərazidə tütün əkini aparılıb ki, həm Balakən rayonunda, həm də zərurət yarandıqda Zaqatala rayonunun yaxın ərazilərində  əldə edilən yaş tütünün emalı Balakən Tütün İstehsalı və Emalı məntəqsində həyata keçirilir.

Fotolent